Yunanıstan sahilləri yaxınlığında qəzaya uğrayan dörd qayıqda azı 7 mühacir batıb. Onların 5-i azyaşlı uşaq olub. RİA Novosti informasiya agentliyi xəbər verir ki, qəzadan sonra 200-dən çox insan xilas edilib. Suda qalaraq kömək gözləyən insanların dəqiq sayı isə hələlik məlum deyil. Xilasetmə əməliyyatı davam edir.
Bir qədər əvvəl Beynəlxalq Miqrasiya Təşkilatı ilin əvvəlindən bəri dəniz yolu ilə Avropaya 704 min 227 mühacirin gəldiyi barədə məlumat yayıb. Bununla yanaşı, Aralıq dənizində boğularaq ölən və itkin düşən insanların sayının 3257 nəfərə çatdığı bildirilir.Təşkilat güclü küləklər və əlverişsiz hava şəraiti ilə əlaqədar Türkiyədən Yunanıstana gedən dəniz yolunun həddən artıq təhlükəli olduğu barədə xəbərdarlıq edib. Ümumilikdə isə oktyabrın sonunadək Yunanıstana 560 min 683 mühacir gəlib.