"HƏMAS İsrail girovlarını qoruyan Fələstin qruplaşmasının üzvləri üçün İsrail qoşunlarının onların yerləşdiyi yerə yaxınlaşması halında necə hərəkət edəcəkləri ilə bağlı yeni təlimatlar verib".
Oxu.Az-ın məlumatına görə, bu barədə HƏMAS-ın hərbi qanadı "İzzəddin Əl-Qəssam Briqadası"nın mətbuat katibi Əbu Ubeydə özünün "Telegram" kanalında bildirib. O, İsrail hərbçilərinin Rəfahda öldürülmüş girovların cəsədlərini tapması ilə bağlı xəbəri şərh edib.
Bəyanatdan əlavə, "İzzəddin əl-Qəssam Briqadası" "Telegram" kanallarında girovların hələ sağ olduğu vaxta aid görüntülər yayımlayıb. Kadrlarda altı israilli, o cümlədən ikili vətəndaşlığı olan rusiyalı Aleksandr Lobanov öz adlarını söyləyirlər. Videonun sonunda qruplaşma bildirib ki, tezliklə onların "son mesajları" ilə yeni görüntülər peyda olacaq.
Ubeydə israillilərin ölümündə İsrailin Baş naziri Benyamin Netanyahu və İsrail Müdafiə Ordusunu (SAXAL) günahlandırıb və bildirib ki, məhz onların fəaliyyətləri nəticəsində girovlar həlak olub.
HƏMAS nümayəndəsi altı israillinin necə öldüyünü dəqiqləşdirməyib, lakin digər onlarla əsirin hava bombardmanları nəticəsində həlak olduğunu bildirib.