“Rusiya “Telegram” messencerinin təsisçisi Pavel Durovun saxlanılması ilə bağlı rəsmi açıqlamaları eşitməyib və buna görə də Moskva sahibkarın nədə ittiham olunduğunu bilmir”.
Qaziler.az “Gazeta.ru”ya istinadla bildirir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
“Bir şey deməzdən əvvəl onların Durovu nə ilə ittiham etməyə çalışdıqlarını bilmək üçün gözləmək lazımdır. Bu halda açıqlama vermək düzgün deyil. Əgər ittihamlar varsa, gözləyək. Bundan sonra ilkin nəticələr çıxarmaq mümkün olacaq”, - Kreml nümayəndəsi bildirib.
Qeyd edək ki, Durov avqustun 24-də Fransada həbs edilib. İş adamı axşam saatlarında “Le Burje” hava limanında şəxsi təyyarədən enərkən saxlanılıb. Durov Azərbaycandan Fransaya gəlib.
Fransa hakimiyyətinin “Telegram” və Durova qarşı əsas şikayəti messencerdə şifrələnmiş mesajlardır. Fransa mediası sahibkarı 20 ilə qədər həbs cəzası gözlədiyini yazıb.
QAZİLER.AZ