2017-ci ilin iyun ayından etibarən Avropa İttifaqı (Aİ) sakinləri Aİ ərazisində mobil əlaqə rouminqi üçün pul ödəməyəcək. Yəni Aİ ölkələrinin vətəndaşları ittifaqın hər hansı bir ölkəsinə səfər edərkən mobil telefon danışıqları, SMS və mobil internetə öz vətənində olduğu qədər pul ödəyəcək.
AZƏRTAC Euronews telekanalına istinadla xəbər verir ki, Avropa İttifaqı üzvləri tərəfindən rouminqin ləğv olunması barədə razılaşma iyun ayında əldə olunub və bu gün Avropa Parlamenti deputatları tərəfindən təsdiqlənib.Aİ ərazisində rouminqin qiyməti 2007-ci ildən başlayaraq hər il ucuzlaşıb. Artıq gələn il aprelin 30-dan etibarən rouminq üçün əlavə qiymətlər telefon danışığına görə 5 avrosent, göndərilən SMS-ə görə 6 avrosent, mobil internet trafikinin meqabaytına görə isə 20 avrosentdən baha olmamalıdır.