Çin Xalq Azadlıq Ordusunun Quru Qoşunlarının nümayəndə heyəti Rusiya hərbçiləri ilə quru qoşunlarında ikitərəfli əməkdaşlığı müzakirə etmək üçün Moskvaya gəlib.
Qaziler.az bildirir ki, bu barədə avqustun 22-də Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Çin hərbi nümayəndə heyətinə general-polkovnik Li Tsyaomin başçılıq edir.
Rusiya Quru Qoşunlarının baş komandanlığının binasında ÇXAO və Rusiya Silahlı Qüvvələrinin nümayəndələri ikitərəfli danışıqların rəsmi hissəsini keçiriblər. İki ölkə ordusunun döyüş hazırlığını gücləndirən layihələrin həyata keçirilməsi üçün əməkdaşlıq və qarşılıqlı fəaliyyət məsələləri müzakirə olunub.
Rusiya Müdafiə Nazirliyindən bildirilib ki, danışıqlar zamanı nümayəndə heyətləri iki dövlətin quru qoşunları arasında əməkdaşlığın daha da gücləndirilməsi barədə razılığa gəliblər.
Rusiyaya səfəri zamanı ÇXAO nümayəndələri Leninqrad vilayətindəki Quru Qoşunlarının təhsil müəssisələrinə və hərbi təlim mərkəzlərinə də baş çəkəcəklər.
QAZİLER.AZ