“Almaniya Aİ-nin genişlənmə prosesinə müsbət baxır".
Qaziler.az TASS-a istinadla bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts deyib.
Moldova prezidenti Maya Sandu ilə görüşündən sonra keçirilən mətbuat konfransında o, Berlinin Kişinyovun Avropa İttifaqına daxil olacağına ümid etdiyini qeyd edib.
“Biz Moldova Respublikasını Avropa İttifaqına gedən yolda dəstəkləyirik. Bu qərarın qəbul edilməsi bizim üçün çox şey deməkdir və biz bunun mümkün olması üçün çox çalışdıq. Biz Avropa İttifaqının genişlənməsinə müsbət yanaşırıq. Hesab edirik ki, bəzi ölkələr üçün artıq çoxdan başlayan üzvlük proseslərini nəhayət başa çatdırmaq lazımdır”, - Şolts bildirib.
O əlavə edib ki, bir ölkənin Avropaya inteqrasiyası konkret problemlərin həllini tələb edəcək. Şolts Almaniyanın Moldovanı bu işdə dəstəklədiyini də vurğulayıb.
Məlumatda qeyd olunub ki, 2022-ci ildə Moldova Ukrayna ilə birlikdə Aİ-yə üzv olmaq üçün namizəd statusu alıb.
QAZİLER.AZ