“Apple” korporativ biznes tarixinin ən yüksək gəlirini əldə etdi

“Apple” korporativ biznes tarixinin ən yüksək gəlirini əldə etdi backend

İnformasiya-kommunikasiya texnologiyaları sahəsində dünya nəhəngi olan “Apple” korporasiyası sentyabr ayında başa çatan maliyyə ilinin dördüncü kvartalının yekunlarına əsasən illik maliyyə hesabatını açıqlayıb. Hesabata əsasən “Apple” bu il dünya korporativ biznes tarixinin ən yüksək gəlirini əldə edib.

İKT.lent.az-ın xəbərinə görə, şirkətin ümumi illik gəliri 28% artımla 233,7 milyard dollara çatıb. Bu miqdarın 53,4 milyardı xalis gəlirdir.

Başa çatan 4-cü kvartalda “Apple” 51,5 milyard dollar gəlir əldə edib ki, bunun 11,1 milyardı xalis (net) gəlirdir. 1 səhmin qiyməti 1,96 dollar olub. Ötən ilin eyni dövründə bu göstəricilər müvafiq olaraq 42,1 milyard dollar, 8,5 milyard dollar və 1,42 dollar təşkil edib. Beləliklə, mədaxil il ərzində 22,3%, xalis gəlir 30,6%, səhm gəliri isə 38% artıb. Gəlirin 62%-i beynəlxalq satışlardan daxil olub.

“Apple” satışların artmasını yeni “iPhone”ların bazara çıxarılması, “Apple Watch” “ağıllı” saatlarının satışlarının genişlənməsini, “Mac” (kompüter) satışlarında rekord əldə edilməsi və xidmət gəlirləri ilə izah edib. 4-cü kvartalda dünyada 48 milyon ədəd yeni “iPhone” satılıb və bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22% çoxdur. Korporasiyanın rəhbəri Tim Kuk bildirib ki, 2015-ci maliyyə ili “Apple” üçün bütün dövr ərzində ən uğurlu il olub. O deyib ki, əldə edilən uğur şirkətin yer kürəsində ən yaxşı və ən innovativ məhsulların yaradılmasına bağlılığının nəticəsidir.

2016-cı ilin ilk kvartalında isə “Apple” 75,5 - 77,5 milyard dollar gəlir əldə etməyi planlaşdırır.

Qeyd edək ki, indiyə qədər əldə edilən xalis illik gəlirin həcminə görə birincilik 45,2 milyard dollarla ABŞ-ın neft nəhəngi “ExxonMobil”ə məxsus idi. “ExxonMobil” bu nəticəni neft qiymətlərinin yüksək həddə çatdığı 2008-ci ildə əldə etmişdi. İndi isə kommunikasiya texnologiyaları sektorundan olan şirkət neft şirkətini geridə qoyub.
Diaspora