Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub

Parisdə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub backend

Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində 33-cü Yay Olimpiya Oyunları münasibətilə “Azərbaycan Olimpiya Evi”nin açılışı olub.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden xəbər verir ki, açılış tədbirində Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Milli Olimpiya Komitəsinin (MOK) baş katibi Azər Əliyev, MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva, Türkiyənin Fransadakı səfiri Yunus Demirer, Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev, Rusiya səfirliyinin müvəqqəti işlər vəkili, bir çox ölkələrin olimpiya komitələrinin, yerli ictimaiyyətin və Azərbaycan diasporunun nümayəndələri, jurnalistlər iştirak ediblər.

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva və MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək ölkəmizin 33-cü Yay Olimpiya Oyunlarında 48 idmançı ilə 15 idman növündə təmsil olunduğunu bildiriblər. Azərbaycanın Olimpiya tarixi haqqında məlumat verərək ölkəmizin ilk dəfə 1996-cı ildə müstəqil ölkə kimi Olimpiya Oyunlarına qatıldığını qeyd ediblər. Həmin vaxtdan da Azərbaycan idmançıları Olimpiya Oyunlarında böyük uğurlara imza atıblar. 33-cü Yay Olimpiya Oyunlarında da azərbaycanlı idmançıların böyük uğurlara nail olacaqları və Vətənə alnıaçıq, üzüağ qayıdacaqları vurğulanıb.

Qeyd edilib ki, 33-cü Yay Olimpiya Oyunları müddətində “Azərbaycan Olimpiya Evi”nın əsas məqsədi tariximizi, mədəniyyətimizi, musiqimizi, mətbəximizi təbliğ və təşviq etməkdir. Həmçinin burada idmançılarımızın qələbələri qeyd olunacaq. “Azərbaycan Olimpiya Evi” hər gün bir tematika ilə fəaliyyət göstərəcək.

Azərbaycanı sevən hər kəs burada idmançılarımızın uğurlarını izləyə, eləcə də idmançılarımızın fanları burada onlarla görüşə biləcəklər.

Tədbir zamanı Azərbaycan Olimpiya Komitəsinin nəşrləri nümayiş olunub və tədbir iştirakçılarına paylanılıb.

Sonda gənc ifaçı Mərdan Kazımovun ifasında Azərbaycan musiqiləri təqdim olunub.

 

 

Diaspora