Yaponiyanın MBS televiziya kanalında “Real dünya” proqramı çərçivəsində Azərbaycana həsr olunan xüsusi veriliş yayımlanıb. Azərbaycana səfər edən çəkiliş qrupunun üzvləri həm paytaxt Bakıda, həm də rayonlarda apardıqları çəkilişlərdə yapon tamaşaçılara ölkəmiz haqqında ətraflı məlumat veriblər.
Canlı yayımlanan verilişdə Azərbaycanda müstəqilliyin bərpasından sonra mövcud təbii sərvətlər və yaradılan ictimai-siyasi sabitlik nəticəsində böyük inkişaf və tərəqqinin müşahidə olunduğu qeyd edilib. Bakının qədim və müasir tikililərlə zəngin gözəl şəhər olduğu, respublikamızda yüksək tolerantlıqla yanaşı, zəngin mənəvi dəyərlərə malik İslam mədəniyyətinin müşahidə edildiyi bildirilib. Studiyada əyləşmiş tamaşaçıların Azərbaycanın sürətli inkişafı, yüksək tolerantlığı, ölkəmizdə həyata keçirilən nəhəng layihələr barədə məlumatları heyranlıqla izlədikləri diqqəti cəlb edib. Tamaşaçılara Azərbaycan paytaxtının memarlıq nümunələri, gənclərin yaşayış tərzi, ölkəmizdə idmana, o cümlədən yapon döyüş növlərinə, xüsusilə karateyə olan böyük maraqla bağlı süjetlər təqdim olunub.Bakının öz gözəlliyi ilə Avropa şəhərlərindən geri qalmadığını vurğulayan verilişin aparıcısı əzəmətli “Alov qüllələri” kompleksi haqqında məlumat verib. O, kompleksin üzərində əks olunan alov dilimlərini ölkəmizin rəmzi kimi xarakterizə edib. Həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığı barədə tamaşaçılara məlumat verilib.
Bundan başqa, verilişdə ləziz mətbəxi, füsunkar təbiəti ilə seçilən Azərbaycanın həm də sağlamlıq üçün təbii vasitələrlə, mineral sularla zəngin olduğu qeyd edilib. Şəkinin tarixi yerləri, el sənətləri, çövkən milli idman oyunu, Naftalanın dünyada yeganə sağlamlıq vasitəsi olan qeyri-adi neft vannaları haqqında məlumatlar tamaşaçılar tərəfindən maraqla qarşılanıb.
Böyük miqyaslı inkişaf və tərəqqinin müşahidə olunduğu, dünyəvilik və tolerantlıq modelinə çevrilmiş Azərbaycanın Yaponiyada az tanınması iştirakçılarda təəssüf hissi doğursa da onların hər biri ölkəmizə səfər etmək arzusunda olduğunu bildirib.
İki gün ərzində bir saat yarım davam edən veriliş tamaşaçıların xahişi ilə təkrar nümayiş olunub.