Taylandın paytaxtı Banqkokda lüks oteldə Vyetnam vətəndaşı olduğu bilinən 6 nəfər ölü tapılıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, paytaxt Banqkokun Pathum Van rayonundakı "Grand Hyatt Erawan" otelində günorta saatlarında 6 nəfərin cəsədi tapılıb. Otel işçilərinin xəbəri ilə hadisə yerinə gələn polis qrupları ilkin araşdırmalar nəticəsində qrupun zəhərlənərək öldüyünü müəyyən ediblər.
Qrupun oteldə 7 nəfərlik rezervasiya etdiyi bildirilir. Polis araşdırmanı digər "itkin" şəxs üzərində cəmləşdirib.
Otel otağına baxış zamanı stolların üzərində qəhvə və çay fincanları olub, lakin hər hansı bir dava və ya hücum faktı aşkar edilməyib.
Tayland polis rəisi Thiti Sanqsawang hadisə ilə bağlı mətbuata açıqlamasında təmizlik işçiləri tərəfindən otel otağında ölü tapılan 3 qadın və 3 kişinin Vyetnam vətəndaşları olduğunu təsdiqləyib və cəsədlərdə fiziki təsir əlamətlərinin olmadığını bildirib. Hadisədə həyatını itirən 6 nəfərdən 2-nin Vyetnam və ABŞ ikili vətəndaşı olduğu öyrənilib.
Hadisə ilə bağlı araşdırmalara başlanılıb.
QAZİLER.AZ