NASA öz saytında son minilliyin ən şiddətli qasırğası olan “Patrisiya”nın kosmosdan çəkilən görüntülərini yayıb. İKT.lent.az-ın xəbərinə görə, ötən həftənin ortalarında Meksikanın Sakit okean sahillərində başlayan qasırğa küləyin sürəti üzrə yeni rekordlar qeydə alınmasına səbəb olub.
Meksika hakimiyyət orqanları oktyabrın 24-nə keçən gecə Meksika sahillərinə çatan “Patrisiya” qasırğasını dünya tarixinin ən şiddətli qasırğası adlandırıblar. Sahilə çatana qədər qasırğa ən dağıdıcı kateqoriya olan 5 bal gücündə olub, küləyin sürəti saatda 325 km, bəzən isə 400 km təşkil edib. Xoşbəxtlikdən qasırğa 23 oktyabra keçən gecə Meksika üzərində, atmosferin üst qatlarında aşağı təzyiq sahəsi ilə toqquşub və bunun nəticəsində sürəti zəifləyib. Bu, Şimali Amerika sahillərini iri miqyaslı dağıntılardan qoruyub. Lakin çox sıx buludlardan ibarət nəhəng “sürü”yə çevrilən tufan ABŞ-ın cənub ştatları və Meksikanın şimal regionlarında sel təhlükəsi yaradıb.NASA alimləri kameralar, “Aqua” zondu və Yaponiyanın GPM peyki vasitəsilə qasırğanın hərəkətini fasiləsiz izləyiblər. Yağıntıların böyük hissəsi dənizə düşüb. Texasa və Meksikanın qərbinə son 5 gündə yarım illik norma miqdarında yağıntı düşdüyü qeydə alınıb. Texasda daşqınlar baş verib və ştat rəhbərliyi bəzi yolları bağlamaq məcburiyyətində qalıb. Meksikada 3,5 min evə ziyan dəyib. Yağışlar daha bir həftə davam edəcək.