ABŞ Rusiya hərbi gəmilərinin mühüm kommunikasiya kabellərinin keçdiyi zonalarda aktivliyindən narahat olduğunu büruzə verib. Pentaqon istisna etmir ki, Rusiya gəmiləri kabellərə hücum edə bilər.
İKT.lent.az-ın “The New York Times”a istinadən verdiyi məlumata görə, yüksək rütbəli ABŞ hərbçiləri və kəşfiyyat Rusiya sualtı qayıqlarının və casus-gəmilərinin vacib sualtı kabellərin yaxınlığında aqressiv fəaliyyətindən narahatdır. Əsas narahatlıq Rusiyanın həmin kabellərlə ötürülən informasiyaları ələ keçirmə ehtimalı ilə əlaqədar deyil, ABŞ kəşfiyyatı bunun qarşısını almaq üçün çox öncədən tədbir görüb. Narahatlıq onunla əlaqədardır ki, Rusiya tərəfi münasibətlərin gərginləşməsi və ya hansısa münaqişə zamanı bu kabelləri kəsə bilər. Pentaqon nümayəndələri bu halda ABŞ-ın hansı addımları ata biləcəyi haqda heç nə deməyiblər, lakin onu qeyd ediblər ki, vəziyyət diqqətlə izlənilir. “Hansısa ölkənin kommunikasiya kabellərinə müdaxilə etməsi haqda informasiya həmişə narahatlıq doğurur. Lakin sualtı əməliyyatlar sirr sayıldığından biz detalları şərh etmirik”, - deyə ABŞ Hərbi Dəniz Qüvvələrinin nümayəndəsi Uilyam Marks bildirib.“The New York Times”ın məlumatına əsasən ötən ay Rusiyanın “Yantar” casus-gəmisi ABŞ-ın Quantanamodakı hərbi-dəniz stansiyasına yaxınlaşıb. Bu stansiyanın yaxınlığından vacib kabellər keçir. Rusiya gəmisinin hərəkəti ABŞ casus peykləri, hərbi gəmiləri və hərbi təyyarələri tərəfindən nəzarətdə saxlanılıb. ABŞ hərbçiləri bildirir ki, “Yantar” dərinliklərdə yerləşən kabelləri kəsə biləcək imkanlara sahibdir.