Cənubi Koreyanın texnologiya nəhəngi "Samsung"da çalışan 6500-dən çox işçi daha ədalətli maaş tələbi ilə bu gündən etibarən üç günlük tətilə çıxıb.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, işçilərin tələbləri arasında illik məzuniyyətlərin bir gün artırılması da var.
Həmkarlar ittifaqı tələblərinin yerinə yetirilməyəcəyi təqdirdə yenidən tətil edəcəklərini bildirib.
Şirkət rəhbərliyi və həmkarlar ittifaqı yanvar ayından danışıqlar aparır. Həmkarlar ittifaqı şirkətin təklif etdiyi 5,1 faizlik maaş artımını rədd edib.
Tətildə olan Milli Samsung Elektron Birliyinin (NSEU) üzvlərinin sayı təxminən 30 min nəfərdir ki, bu da Samsungun Cənubi Koreyadakı işçilərinin dörddə birinə bərabərdir.
Bununla belə, həmkarlar ittifaqı bu həftəki tətildə əksəriyyəti istehsal sahələrində və məhsul inkişaf şöbələrində çalışan təxminən 6540 işçinin iştirak etdiyini açıqladı.
Mütəxəssislər bildirirlər ki, aşağı iştirak və avtomatlaşdırılmış istehsal səbəbindən tətilin dünyanın ən böyük çip istehsalçısının istehsalına böyük təsiri gözlənilmir.
QAZİLER.AZ