Fransa parlamentinə seçkilərin ikinci turu başlayıb.
QAZÌLER.AZ Axar.az-a istinaden xəbər verir ki, ölkə ərazisində seçki məntəqələri yerli vaxtla səhər saat 08:00-da (Bakı vaxtı ilə saat 10:00) açılıb.
Səsvermə prosesi əksər seçki məntəqələrində saat 18:00-a yekunlaşmalı olsa da, böyük şəhərlərdə, o cümlədən Parisdə seçki məntəqələri saat 20:00-a qədər açıq olacaq.
Seçkilərin ilk nəticələrinin də yerli vaxtla saat 20:00-dan sonra açıqlanacağı gözlənilir.
Qeyd edək ki, parlament seçkilərinin iyunun 30-da keçirilmiş ilk turunda 577 parlamentaridən 76-ı seçilib. Həmin deputatların 37-i radikal sağ yönümlü Milli Birlik Partiyası və bu partiyanın müttəfiqlərinin üzvləridir.
Parlamentin aşağı palatasında mütləq üstünlüyə nail olmaq üçün 289 yer qazanılması lazımdır. Əsas mübarizə Milli Birlik Partiyası, solçu Yeni Xalq Cəbhəsi koalisiyası və Prezident Emmanuel Makronun koalisiyası arasında olacaq.
Parlament seçkilərinin birinci turunda Milli Birlik Partiyası və müttəfiqləri 33,4%, solçu “Yeni Xalq Cəbhəsi” koalisiyası 27,98%, Prezident Emmanuel Makronun koalisiyası 20,76% səs toplayıb.