"WikiLeaks", qurucusu Culian Assanjın 2019-cu ildən həbsdə saxlandığı Britaniyanın Belmarş həbsxanasından sərbəst buraxıldığını və təyyarə ilə Böyük Britaniyanı tərk etdiyini açıqlayıb.
Bu barədə "WikiLeaks" məlumat yayıb.
"O, 1901 gün həbsdə qaldıqdan sonra iyunun 24-də səhər saatlarında ciddi rejimli Belmarş həbsxanasından çıxıb. O, London Ali Məhkəməsi tərəfindən zaminə buraxılıb, həmçinin gündüz Stansted Aeroportuna buraxılıb və burada təyyarəyə minərək Böyük Britaniyanı tərk edib", – məlumatda diqqətə çatdırılıb.
"WikiLeaks" həmçinin Amerika məhkəməsinin Assanj və ABŞ prokurorluğu arasında etiraf sövdələşməsinin bağlanması barədə məlumatını təsdiqləyib. Bununla belə, təşkilata görə, bu hələlik "rəsmən yekunlaşdırılmayıb".