ABŞ-ın “Foreign Policy” jurnalı Avropaya axışan qaçqınların Almaniya kansleri Angela Merkelin siyasi karyerasına yaratdığı təhlükədən bəhs edir. Müəllifin fikrincə, 10 illik kansler fəaliyyətində Merkel heç vaxt indiki kimi hücumlara məruz qalmayıb.
Belə ki, özünün Xristian Demokratik İttifaqında (CDU) qiyam gözlənilir. Rəy sorğularına əsasən bu yaxınlaradək kanslerə pərəstiş edən seçicilər ondan uzaqlaşır. Avropada fəallaşmış ifrat sağçılar elə Almaniyanın küçələrinə də çıxır.Təkcə bu il Almaniyaya 800 min qaçqının sığınacaq üçün müraciət edəcəyi gözlənilir ki, Merkelin siyasi gələcəyi məhz bu problemi necə həll edəcəyindən asılıdır.
Kanslerin qaçqınlara qucaq açmaq qərarından qürur duyanlar, onu dəstəkləyənlər az deyil. Bəziləri Almaniyanın demoqrafik baxımdan “yeni qan”a ehtiyacını vurğulayır. Ancaq qaçqın böhranına nəzarətin itməsi, ölkənin bu məsələdə daha çox qütbləşməsi də qəzəb doğurur.
“Havanın soyumasına baxmayaraq miqrantlar gəlməkdədir. Bəzən günə 10 min miqrant Almaniyanın şəhərlərinə, kəndlərinə üz tutur. Sosial xidmətlər aşırı yük altındadır. Qaçqın mərkəzləri yandırılır; bələdiyyədən daha çox iş tələb olunur” - deyə məqalədə bildirilir.
Yazıda qeyd olunur ki, Merkel administrasiyası bəzi addımlar atıb. Məsələn, sığınacaq üçün ərizələrinə baxıldığı müddətdə qaçqınlar qeyri-maddi imtiyazlar əldə edəcəklər. Hazırda ayda 143 avro nağd pul verilir.
Bundan başqa, bəzi ölkələr, məsələn, Albaniya, Kosovo, Monteneqro təhlükəsiz elan olunub və ərizələrə rədd cavabı da verilə bilər.
“Hələliksə qaçqınlar gəlməkdə, almanların əsəbləri tarıma çəkilməkdədir. Rəy sorğularına görə, almanların 51 faizi inanır ki, ölkəsi qaçqın axınının öhdəsindən gəlməyəcək. Üçcə həftə öncə bu rəqəm 40 faiz idi. Merkelin populyarlığı isə düşür - almanların 1/3-i onun istefasını istəyir”- deyə jurnal yazır.