Almaniyada öldürülən qazaxıstanlı keçmiş hakimin qolları, boynu və üzündə bıçaq xəsarətləri aşkarlanıb.
Qaziler.az kazinforma istinadən bildirir ki, 40 yaşlı Aygül Saylıbayeva Şeffilddə (İngiltərə) təhsil alıb, sonra Astanada hakim işləyib. Son illərdə o, əri, qızı və qayınanası ilə Almaniyanın qərbində yaşayırdı. İyunun 4-də səhər saatlarında Saylıbayeva iki yaşlı qızı Jaklini uşaq bağçasına aparıb. O vaxtdan bəri ananı heç kim görməyib. Bazar günü onun cəsədi şəhərin kənarında plastik torbada tapılıb.
BILD Telegram kanalının məlumatına görə, qurbanın qollarında, boynunda və üzündə bıçaq yaraları aşkar edilib.
“Biz güman edirik ki, dava olub, qadına hücum edilib və o, özünü ümidsizcəsinə müdafiə edib”, - müstəntiq bildirib. Prokurorluq BILD-in sorğusuna cavab verib ki, hələ ki, hadisə ilə bağlı heç kim saxlanılmayıb.
Saylıybayeva ilə eyni vaxtda onun Rusiyadan olan 49 yaşlı qayınanası Natalya Dontsova yoxa çıxıb. İyunun 4-də o, nəvəsini bağçadan götürüb evə gətirib. Nənə o vaxtdan "yoxa çıxıb". Jaklin indi atasının yanındadır.
Mərhumun 35 yaşlı qardaşı Kanat Saylıbayev Qazaxıstandan Almaniyaya gəlib. O, bacısını vətəndə dəfn etmək istədiyini bildirib.
"Çox sıx əlaqəmiz var idi, narahat idik. Bu, Aygül üçün tamamilə xarakterik deyildi. O, adətən beş dəqiqə ərzində mesajlara cavab verirdi. Valideynlərimiz onunla hər gün, sonuncu dəfə iyunun 3-də telefonla danışırdılar. Artıq iyunun 5-də polisə məlumat vermişik. Aygül çox açıq və həssas insan idi. Qızını dünyada hər şeydən çox sevirdi və mehriban ana idi. Ümid edirəm ki, Aygülün ölümündə kim günahkardırsa, ədalətli cəzasını alacaq və ədalət öz yerini tapacaq”, - öldürülən qadının qardaşı Kanat Saylıbayev deyir.
Bundan əvvəl Almaniyada keçmiş hakim Aygül Saylıbayevanın üzərində zorakılıqla ölüm izləri olan meyitinin tapıldığı bildirilirdi. Daha sonra Qazaxıstan Respublikasının Xarici İşlər Nazirliyi onun ölümünü təsdiqləyib.
Xatırladaq ki, qazaxıstanlı qadının itkin düşdüyü barədə onun qardaşı Kanat Saylıbayev məlumat vermişdi. O bildirib ki, bacı məişət zorakılığından şikayət edib.
QAZİLER.AZ