“İstanbuldayam. Bayramda da buradaydım. Mən vətənimdəyəm, mənim başqa vətənim yoxdur”. ANS PRESS-in Türkiyə mətbuatına istiandla verdiyi məlumata görə, bu sözləri Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan deyib. Bilal Ərdoğan bildirib ki, “ İtaliyaya qaçdı” iddiaları yalandır: “Bu an haradayam? Qaçmamışam və İstanbuldayam. Bunun yetərli cavab olduğuna inanıram”. Atasının siyasi fəaliyyətindən və həbsxana həyatından danışan Bilal siyasəti atasının həyatından öyrəndiyini deyib: “Atamı həbsxanaya yola salmağımız günü unuda bilmərəm. Həbsxana qapısına çatanda atam orada toplananlara son sözlərini söylədi. Mən orada atamla vidalaşa bilmədim. Atamla vidalaşa bilməməyim məni çox kədərləndirdi. Oradan tez-tez məktub gəlirdi. Məqsədim Boğaziçi Universitetində oxumaq idi. ABŞ-da İndiana Universitetinə qəbul oldum. Atam həbsxanadan çıxışdığı zaman da burada ola bilmədim”.
Bir müddət əvvəl Bilal Ərdoğanın ölkədən qaçdığı barədə məlumat yayılmışdı. İddianı ilk dəfə Türkiyədə tvitləri ilə interenet fenomeninə çevrilən Fuat Avni səsləndirmişdi.Avninin sözlərinə görə, qarşıdakı seçkidə uğur qazanacağından əmin olmayan Ərdoğan yavaş-yavaş ailəsini və pullarını ölkədən çıxarır. İlk addım kimi də sentyabrın 27-də oğlu Bilalı ailəsi ilə birlikdə İtaliyaya göndərib. Üstəlik Bilal gedərkən özü ilə böyük miqdarda – milyardlarla pul da aparıb. Ona həmçinin İtaliya, İsveçrə və digər ölkələrdəki bank hesabları ilə məşğul olmaq təlimatı verilib.
Bilal Ərdoğan isə İtaliyaya təhsillə əlaqədar getdiyini deyib. İtaliyada doktorantura təhsili alan dövlət başçısının oğlu bu ölkədə təhsil aldığına görə yaşadığını bildirib.
“Fürsət tapan kimi Türkiyəyə gedirəm. Elə 10 gün əvvəl Qurban bayramında Türkiyədə idim. Qaçmaq qorxaqların işidir .”-deyə Bilal Ərdoğan cavab verib.
Bu iddialara Yaponiya səfəri zamanı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanda münasibət bildirib. Onun sözlərinə görə, oğlunun 1 milyard dollar götürüb, İtaliyaya qaçması barədə bütün iddiaların heç bir əsası yoxdur.
“Mənim oğlum İtaliyaya müayinə olunmaq üçün gedib. Amma ölkədə yerləşən bəzi media orqanları Bilalın xaricə qaçdığı barədə məlumatlar yayıblar. Bütün iddialar yalandır”.