“Huawei” bu ilin üçüncü rübündə Çinin ən iri smartfon tədarükçüsü olub. İKT.lent.az-ın “Forbes” nəşrinə istinadən verdiyi məlumata görə, “Canalys” tədqiqat şirkətinin apardığı qiymətləndirməyə əsasən “Huawei” ötən rüb bu sırada “Xiaomi”ni əvəzləyib.
"Qəddar və günü-gündən böyüyən Çin smartfon bazarı kontekstində baxdıqda, “Huawei” şirkətinin birinci yerə çıxması qəhrəmanlıqdır" - deyə “Canalys” şirkətinin analitiki Cess Din hesab edir.“Huawei” şirkəti ilk dəfə olaraq Çində birinci yeri tutub. Belə ki, bir il ərzində şirkətin smartfon tədarükü 81 faiz artıb, eyni zamanda “Xiaomi” şirkətinin tədarükü azalıb.
Daha əvvəl deyilirdi ki, “Huawei” smartfonlarının dünya üzrə tədarükü bu ilin ilk yarısında 39 faiz artıb. Şirkət bildirir ki, bu müddət ərzində 48,2 milyon ədəd smartfon tədarük edib ki, bu da onun smartfon satışından gəlirlərini 87 faiz artırıb.
Bununla yanaşı, bu ilin birinci yarısında “Huawei” ümumi gəlirlərini 30 faiz artıraraq 28 milyard dollara çatdırıb. Şirkətin xalis mənfəəti 18 faiz yüksəlib.