İranda prezident seçkilərində islahatçı namizəd olan Məsud Pezeşkian ölkədə məcburi hicab tətbiqini tənqid edib.
QAZÌLER.AZ Publika.az-a istinaden xəbər verir ki, Pezeşkian paytaxt Tehrandakı təşviqat mərkəzlərindən birində keçirilən “Məsud Pezeşkianı dəstəkləyən qadınların konfransı”nda çıxış edib.
O, çıxışında "40 ildir ki, çadranı müdaxilələrlə düzəltməyə çalışırıq, amma daha da pisləşdirmədikmi? Bu plan bizi qaranlığa doğru çəkəcək" deyib.
“Həyatımda səs yığmaq üçün heç vaxt yalan danışmamışam və səhv şüar səsləndirməmişəm. Mən haqlara və ədalətə inanıram. Qadın, məzhəb və etnik mənsubiyyətin hüquqları mənim üçün önəmlidir. Kişi, qadın, türk, kürd və ya bəluc olması mənim üçün fərq etməz", - Pezeşkian əlavə edib.
Qeyd edək ki, Məsud Pezeşkian həm də seçkidə azərbaycanlı (türk) səslərinə əsas iddiaçı sayılır. O, Xatəmi hakimiyyəti illərində səhiyyə naziri işləyib. Pezeşkian Təbriz seçki dairəsini parlamentdə beşinci dəfə təmsil edib. Builki parlament seçkilərində onun kvalifikasiyası (məqsədəmüvafiq namizəd olması) rədd edilmiş və sonra təsdiq edilmişdi.