ABŞ-ın vitse-prezidenti Kamala Harris, AB, Cənubi Amerika, Yaxın Şərq və Asiya ölkələrinin liderləri də daxil olmaqla 100-dən çox dünya lideri iyunun 15-də Ukrayna sülh planı üçün İsveçrədə bir araya gələcək.
QAZÌLER.AZ Axar.az-a istinaden verdiyi məlumata görə, iki günlük sülh konfransında Kiyevin müharibəyə son qoymaq üçün təklif etdiyi 10 bəndlik plan, nüvə təhlükəsi, ərzaq təhlükəsizliyi və Ukraynanın humanitar ehtiyacları müzakirə olunacaq.
Sammit Ukrayna ərazisində gedən müharibənin dayandırılması üçün Rusiyaya təzyiq göstərmək mahiyyəti daşıyır.
Konfransın bazar günü iclasında suverenlik və ərazi bütövlüyünü qorumaq, ona hörmətlə yanaşmaq üzrə BMT prinsiplərinin əhəmiyyətinə diqqət yetiriləcəyi gözlənilir.
Sülh sammitində Moskvanın Çin kimi güclü müttəfiqi konfransın vaxt itkisi olduğunu, onun tələblərinə cavab vermədiyini əsas gətirərək, iştirakdan imtina edib. Çin olmadan Rusiyanın blokadaya alınması planları suya düşdüyü üçün konfransın potensial təsirlərinin azalacağı ehtimal edilir. Sammitin təşkilatçıları Çinin iştirak etməmək qərarını tənqid ediblər.