Nigeriyanın Zamfara və Katsina əyalətlərində baş verən silahlı hücumlarda 42 nəfərin həyatını itirdiyi bildirilib.
Qaziler.az xarici mətbuata istinadən bildirir ki, Zamfara əyalətinin polis komissarı Məhəmməd Şehu Dalican verdiyi açıqlamada, səhər saatlarında əyalətin Zurmi bölgəsindəki Maqarya kəndinə motosikletli təxminən 300 silahlı dəstə üzvünün gələrək atəş açdığını bildirib.
Hücumda 7-si polis olmaqla 12 nəfərin öldüyünü bildirən Dalican bölgəyə əlavə qüvvələrin göndərildiyini və istintaq başladıldığını qeyd edib.
Milli mətbuatda yayılan xəbərlərə görə, silahlı dəstə üzvləri Katsina əyalətinin Dutsinma və Safana kəndlərinə də hücum ediblər.
İki kəndə hücumda 30 nəfərin öldüyü, çoxlu sayda insanın yaralandığı, bəzilərinin durumunun ağır olduğu bildirilib.
Xəbərdə bildirilib ki, kənd sakinlərinin bir qismi silahlı dəstə üzvlərinin hücumlarına görə evlərini tərk edib.
Nigeriya son zamanlar ölkənin müxtəlif bölgələrində silahlı dəstələrin, həmçinin İŞİD-in Qərbi Afrika qolu olan "Boko Haram" və ISWAP terror təşkilatlarının hücumları ilə üzləşib.
QAZİLER.AZ