Rusiya Silahlı Qüvvələrinin Ukraynanın Dnepr şəhərini atəşə tutması nəticəsində biri körpə olmaqla altı nəfər yaralanıb.
“Report” xəbər verir ki, bu barədə Dnepropetrovsk Vilayət Hərbi Administrasiyasının başçısı Serhiy Lısak teleqramda bildirib.
“Dneprdə ağır səhər. Düşmən şəhərə hücum edib. HHM qüvvələri iki raketi zərərsizləşdirib. Lakin qalıqların düşməsi nəticəsində mülki infrastruktur zədələnib, yanğın başlayıb, yerli sakinlər yaralanıb. Onların arasında uşaqlar var. 1 aylıq oğlan qənaətbəxş vəziyyətdədir. Ambulator müalicə alacaq. 17 yaşlı gənc oğlan isə orta ağır vəziyyətdə xəstəxanadadır”, – o qeyd edib.
Bundan başqa, 15 avtomobilə, habelə ətrafdakı evlərə və xəstəxanaya ziyan dəyib.