ABŞ-nin vitse-prezidenti Kamala Harris iyunun 15-də Ukrayna üzrə Sülh Sammitində iştirak etmək üçün İsveçrənin Lütsern şəhərinə yola düşəcək.
APA xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.
Məlumata görə, vitse-prezident Bayden-Harris administrasiyasının Ukraynanın suverenliyi və ərazi bütövlüyü, eyni zamanda, BMT Nizamnaməsinin prinsiplərinə əsaslanan ədalətli və davamlı sülhün təmin edilməsi üçün Ukraynanın səylərini dəstəkləmək öhdəliyini vurğulayacaq.
Vitse-prezident “özünü davam edən Rusiya təcavüzündən qorumaq üçün Ukrayna xalqına dəstəyini” təsdiqləyəcək.
Kamala Harrislə bərabər Ukrayna üzrə Sülh Sammitində ABŞ-ni Prezidentin Milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sullivan təmsil edəcək.