Hazırda Avropa İttifaqı ölkələrində vətəndaş cəmiyyətinə və biznes sektoruna göstərilən əsas elektron xidmət növlərinin əksəriyyəti, o cümlədən rəsmi sənədlərin verilməsi, vergi və gömrük bəyannamələrinin, statistik hesabatların təqdim olunması, məşğulluq orqanları vasitəsilə iş axtarışı, ali məktəblərə və dövlət qulluğuna qəbul üzrə test imtahanlarında iştirak etmək üçün elektron ərizələrin qəbulu və s. ölkəmizdə də tətbiq edilməkdədir.
İKT.lent.az-ın xəbərinə görə, elektron xidmətlərin təkmilləşdirilməsi, yeni xidmətlərin istifadəyə verilməsi üçün hazırda davamlı işlər aparılır.Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) e-Gov.Identity - yeni mobil eyniləşdirmə (identifikasiya) platformasını tətbiq üçün hazırlaması da bunu əks etdirir.
MHM-in Veb-proqramlaşdırma şöbəsinin müdiri Emin Novruzovun sözlərinə görə, abonentin telefonuna bağlı olacaq e-Gov.Identity platforması loqin və şifrə, yaxud Elektron Hökumət» Portalına (e-gov.az) giriş üçün istifadə edilən elektron imzadan ibarətdir: "Əvvəlcə elektron xidmətlər və müxtəlif ödəniş resurslarına, məsələn, "Hesab.az" və ya "ASAN Pay"ə giriş üçün yalnız identifikatorun yaradılması nəzərdə tutulurdu. Sonradan "e-Gov.Identity"yə elektron imza funksiyasının əlavə edilməsi qərara alındı ki, bu da mobil eyniləşdirmə platformasını daha funksional edir və elektron sənədləri imzalamaq imkanı yaradır».
Qeyd edək ki, yeni platformanın kart oxuyucusuna ehtiyacı yoxdur və istifadəsi üçün «sim-kart»ın dəyişdirilməsi tələb olunmur. Sadəcə, «e-gov.az» portalında qeydiyyatdan keçərək loqin və şifrə almaq, yaxud mövcud elektron imza kifayət edir. MHM rəsmisi bildirib ki, aktivləşdirmə SMS üzrə həyata keçiriləcək, bundan sonra istifadəçiyə xüsusi eyniləşdirmə nömrəsi göndəriləcək: «İstifadəçi həmin nömrəni sonra dəyişə biləcək. Perspektivdə aktivləşdirməni USSD komandası üzrə həyata keçirmək də mümkün olacaq».
Bundan başqa, istifadəçilərə müxtəlif elektron xidmətlərə təhlükəsiz çıxış əldə etməyə və elektron sənədlərin imzalanması üzrə əməliyyat aparmağa imkan verən servis təqdim olunacaq. Mobil eyniləşdirmə platformasına xidmət göstərilməsi üçün yeni sertifikasiya mərkəzi yaradılacaq. İlkin mərhələdə xidmətin pulsuz göstərilməsi planlaşdırılır.