Avstraliyanın nümayəndələr palatası Çin ilə azad ticarət barədə razılaşmanı bəyənib

Avstraliyanın nümayəndələr palatası Çin ilə azad ticarət barədə razılaşmanı bəyənib backend

Avstraliya federal parlamentinin nümayəndələr palatası oktyabrın 22-də Çin ilə azad ticarət barədə razılaşmanı bəyənib.

Tərəflər arasında həmin razılaşma 10 il davam edən danışıqlardan sonra ötən ilin noyabrında əldə edilib. Sənədə əsasən, qarşıdakı dörd ildə Avstraliyadan Çinə ixrac olunan məhsulların 93 faizi tariflərdən və rüsumlardan azad ediləcək. Bu, Avstraliyanın maliyyə və yüksək texnologiyalar üzrə şirkətlərinin, həmçinin səhiyyə sahəsində firmaların Çin bazarına daha geniş şəkildə girməsinə imkan yaradacaq.

Eyni zamanda, hazırda Çində yüksək tariflərlə qarşılaşan Avstraliyanın faydalı qazıntılar və kənd təsərrüfatı məhsulları ixracatçıları da ciddi mənfəət əldə edəcəklər. Bunun müqabilində Çinin fərdi şirkətləri layihələrə Avstraliyanın dövlət nəzarəti olmadan investisiya yatırmaq (əgər həmin layihənin ümumi dəyəri 1 milyard dollardan azdırsa) imkanı qazanacaqlar.

Avstraliya federal parlamenti senatının noyabrda razılaşmaya münasibət bildirəcəyi gözlənilir.

Avstraliya 2014-cü ildə Koreya Respublikası və Yaponiya ilə də azad ticarət barədə razılaşma imzalayıb.
Diaspora