İtaliyanın Milan şəhərində 28 May – Müstəqillik Günü münasibətilə soydaşlarımızın görüşü keçirilib.
QAZÌLER.AZ AZƏRTAC-a istinaden bildirir ki, Milandakı Azərbaycan icmasının təşkilatçılığı ilə baş tutan tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
İtaliya Azərbaycanlıları Koordinasiya Şurasının Milan üzrə koordinatorları Fidan Abdullazadə və Elvin Babayev çıxışlarında xalqımızın şərəfli müstəqillik tarixindən və qədim dövlətçilik ənənəsindən bəhs ediblər. 1918-ci ildə müsəlman dünyasında ilk parlamentli respublikanın – Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasının həmin dövr üçün çox mütərəqqi nailiyyət olduğu bildirilib.
Soydaşlarımız görüşün Milandakı Azərbaycan icmasının təşkilatlanması baxımından bu kimi tədbirlərin vacibliyini qeyd edib, həyata keçiriləcək yeni planlar və layihələr, gələcək tədbirlər haqqında fikir mübadiləsi aparıblar.
Sonda həmvətənlərimiz Şuşanın simvolu olan “Xarıbülbül” çiçəyini bir yerdə rəngləyib, “Gələcəyimizə birgə rəng qatmaq” devizi altında rəsm çəkiblər.