Ölkə prezidenti Emmanuel Makronun sədrlik etdiyi Fransa Müdafiə Şurası etirazlar fonunda Yeni Kaledoniyaya əlavə hərbçi göndərmək qərarına gəlib.
Bu barədə BFMTV kanalı məlumat yayıb.
Kanalın mənbəsinin sözlərinə görə, ictimai binaların təhlükəsizliyinin təmin edilməsinə hərbi qulluqçular cəlb olunacaq. Söhbət neçə hərbçidən getdiyi göstərilmir.
Qeyd edək ki, Yeni Kaledoniyada 10 ildən artıqdır ki, adada yaşayan Fransa sakinlərinə əyalət seçkilərində geniş səsvermə hüququnu nəzərdə tutan konstitusiyaya təklif edilən düzəlişlə başlayan etirazlar mayın 13-də başlayıb.
Nümayişçilər dəfələrlə Fransa hökumətinin yerli əhalinin fikirlərini nəzərə almadan qanunvericilikdə dəyişiklik etməsinin yolverilməzliyini vurğulayaraq bunun 1998-ci ildə Fransa ilə Yeni Kaledoniya arasında imzalanmış Noumea sazişinə zidd olduğunu bildiriblər.
Yeni Kaledoniyanın paytaxtı Noumea şəhərində şiddətli etirazlar fonunda Fransa hakimiyyəti komendant saatı tətbiq edib. Polis dəfələrlə nümayişçilərə qarşı kobud davranıb və güc tətbiq edib. Eyni zamanda paytaxtda ictimai tədbirlər qadağan olunub, dövlət, özəl orta məktəb və kolleclərdə mayın 21-dən 24-dək dərslər dayandırılıb.
Report.az