İsrail Müdafiə Qüvvələrinin (SAXAL) əsgərləri Qəzza zolağında ötən il oktyabrın 7-də Fələstinin HƏMAS hərəkatı radikalları tərəfindən əsir götürülən 23 yaşlı Şani Luk, 28 yaşlı Amit Buskil və 57 yaşlı İtzik Gelenterin cəsədlərini aşkar ediblər.
Qaziler.az bildirir ki, bu barədə mayın 17-də "JPost" məlumat yayıb.
Onların hər üçü Nova musiqi festivalında olub. İDF-nin məlumatına görə, girovlar elə həmin gün öldürülüb və cəsədləri Qəzza zolağına aparılıb.
Cəsədlər "Qəzza zolağında saxlanılan terrorçuların dindirilməsi zamanı əldə edilən məlumatlar, həmçinin İDF-nin Girov və İtkin Şəxslər Kəşfiyyat İdarəsinin qərargahından əldə edilən kəşfiyyat məlumatları" əsasında aşkar edilib.
HƏMAS-ın Qəzzada 39 girovun cəsədini saxladığı güman edilir.
Keçən ilin oktyabrın 10-da Şani Lukun anası qızının sağ olduğunu, ağır kəllə-beyin travması aldığını və vəziyyətinin ağır olduğunu bildirib. Onu xilas etmək üçün mümkün olan hər şeyi etməyə çağırdı.
Lakin həmin ayın sonunda İsrail Xarici İşlər Nazirliyi, daha sonra isə qızın anası Şaninin ölümünü təsdiqləyib.
Almaniya və İsrail vətəndaşlığı olan alman tələbə Şani Luk İsrailin cənubunda keçirilən musiqi festivalına gələnlərdən biri olub. Rəqs məclisi oktyabrın 7-nə keçən gecə Qəzza zolağı ilə sərhəddən bir neçə kilometr aralıda yerləşən Reim yaxınlığındakı Sukkot məhsul bayramı şərəfinə baş tutub. Festivalın qonaqları həmin günün səhəri HƏMAS radikallarının ilk qurbanları olub.
QAZİLER.AZ