“Qəzza zolağında hakimiyyətin ötürülməsi üçün əsas şərt Fələstinin radikal HƏMAS hərəkatının məhv edilməsidir”.
Bu açıqlama ilə İsrailin Baş naziri Benyamin Netanyahu çıxış edib.
Baş nazir yayımladığı videomüraciətdə deyib: “Qəzza zolağında hakimiyyətin başqasına təhvil verilməsinin hazırlanmasının ilk şərti HƏMAS-ın məhv edilməsidir. Bunu bəhanəsiz etmək lazımdır”.
Netanyahu əlavə edib ki, 2023-cü il oktyabrın 7-də baş vermiş dəhşətli qırğından sonra hərəkatın məhv edilməsi əmrini verib:
“Nə qədər ki, HƏMAS yerində qalacaq, başqa heç kim Qəzzada mülki idarəçiliyi öz üzərinə götürməyəcək”.
Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant keçirdiyi mətbuat konfransı zamanı HƏMAS-ın məğlubiyyətindən sonra Qəzza zolağında İsrailin hərbi və mülki idarəçiliyinin tətbiqinə qarşı çıxış edib və gələcəkdə anklavı idarə etmək üçün yerli, düşmən olmayan alternativin yaradılmasına çağırıb.