Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib

Ulu Öndər Heydər Əliyevin andan olmasının 101-ci ildönümü Parisdə qeyd edilib backend

Azerbaycanın Fransadakı Səfirliyinin təşkilatçılığı ilə Parisdə müasir Azərbaycan dövlətinin banisi, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 101 illiyi təntənəli şəkildə qeyd edilib.

QAZÌLER.AZ  AZƏRTAC-a istinaden  xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Fransada akkreditə olmuş səfirlər, diplomatik korpusun nümayəndələri, tədqiqatçılar, yerli ictimaiyyətin və Azərbaycan icmasının üzvləri iştirak ediblər.

Ölkəmizin Fransa və Monakoda fövqəladə və səlahiyyətli səfiri Leyla Abdullayeva müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Lider Heydər Əliyevin adının müasir Azərbaycanın, onun müstəqilliyinin və uğurlu inkişafının rəmzi olduğunu söyləyib. O bildirib ki, 1993-cü ildə Azərbaycanın ən çətin anlarında xalq Heydər Əliyevi yenidən hakimiyyətə çağırdı və Ulu Öndərin müdrikliyi və qəbul etdiyi strateji qərarlar sayəsində ölkə xilas oldu. Ölkənin ən çətin anlarında hakimiyyətə gələn Ümummilli Lider onu tənəzzüldən xilas edərək tərəqqi yoluna çıxardı. Heydər Əliyev və Şarl de Qolun adının bərabər çəkilməsi təsadüfi deyil, hər iki lider xalqları üçün çətin anlarda hakimiyyətə gələrək ölkələrinin inkişafına töhfə verib.

Heydər Əliyevin müdrik siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan beynəlxalq aləmdə öz layiqli yerini tutub. Ulu Öndərin strateji kursunun uğurla davam etdirilməsi ölkəni regional və beynəlxalq səviyyədə nüfuzlu aktora çevirib.

Diplomat Ulu Öndərin hakimiyyətə gəldikdən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylə çalışdığını və 1994-cü ildə atəşkəs imzalandığını vurğulayıb. Atəşkəsdən sonra bu dahi şəxsiyyətin əsas məqsədi ölkədə stabilliyi və iqtisadi inkişafı təmin etmək olub.

“Ümummilli Lider Heydər Əliyevin ən böyük arzusu Qarabağın işğaldan azad edilməsi, ərazi bütövlüyümüzün bərpası idi. Ulu Öndərin bu arzusunu və vəsiyyətini onun layiqli davamçısı, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev yerinə yetirdi. Şuşanın azad olunduğu xəbərini xalqa çatdıranda Prezident İlham Əliyev bildirmişdi ki, “Xoşbəxtəm ki, ata vəsiyyətini yerinə yetirdim”, deyə səfir bugünkü Azərbaycanın Heydər Əliyevin görmək istədiyi Azərbaycan olduğunu vurğulayıb. Diplomat əlavə edib ki, bu gün torpaqlarımız azad edildiyi üçün Ulu Öndərin ruhu şaddır. Ümummilli Liderin ən böyük amalı torpaqları işğaldan azad edilmiş güclü Azərbaycan idi və Prezident İlham Əliyev buna nail oldu.

Fransanın Azərbaycanda ilk səfiri Jan Perren və ikinci səfiri Jan-Pyer Ginüt Ümummilli Liderlə bağlı xatirələrini bölüşüb, Heydər Əliyev kimi böyük şəxsiyyətlə görüşlərindən söz açıblar. Bildiriblər ki, Azərbaycanın ən çətin vaxtlarında ölkəni çətin vəziyyətdən, parçalanmaq təhlükəsindən yalnız böyük siyasi xadim Heydər Əliyev çıxara bilərdi. Məhz Heydər Əliyev hakimiyyətə qayıdandan sonra Azərbaycan inkişaf etməyə, bütün sahələrdə dirçəlməyə başladı. Tanrı bu şəxsiyyəti öz xalqına son dərəcə mürəkkəb bir tarixi məqamda xilaskar olaraq göndərmişdi. Ötən əsrin 80-ci illərin ikinci yarısında Sovet İttifaqı rəhbərliyində Heydər Əliyevə qarşı yaradılan maneələr onu əsla ruhdan salmadı.

Natiqlər Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdarkən ilk dövlət səfərini məhz Fransaya etdiyi xatırladıblar. Vurğulanıb ki, Ümummilli Lider hakimiyyətə qayıdanda ölkə parçalanmaq təhlükəsində idi. Ulu öndərin müdrikliyi, bacarığı, dərin zəkası sayəsində Azərbaycan qısa müddətdə yenidən dirçəldi. Eyni zamanda, Heydər Əliyev strategiyası sayəsində Azərbaycanın regionda sabitliyin qarantına çevrildi.

Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən sərgi maraqla qarşılanıb.

Tədbir konsert proqramı ilə davam edib. Konsertdə müsabiqələr laureatı, əslən bakılı Timur Abdikeyev, azərbaycanlı pianoçu, Massi Konservatoriyasının müəllimi Səidə Zülfüqarova və violonçel ustası Lor Volpato Avropa və Azərbaycan bəstəkarlarının musiqilərini ifa ediblər. Konsertdə Əşrəf Abbasov, Fikrət Əmirov, Sevda İbrahimova və Tofiq Quliyev kimi azərbaycanlı bəstəkarların əsərləri də yer alıb.

Diaspora