Ruandada ölkənin ucqar yerlərinə yükləri çatdıracaq pilotsuz uçan aparatlar (dronlar) üçün uçuşların idarəetmə mərkəzinin və aeroportun inşası planlaşdırılır.
Layihə Britaniyanın “Foster&Partners” arxitektura şirkəti və İsveçrə Tədqiqat Universitetinin dəstəyi ilə yaradılan Afrikanın “Afrotech” təşəbbüs qrupu tərəfindən hazırlanıb.Proqramın bir müddətdən sonra bütün Afrika regionunda tətbiq ediləcəyi gözlənilir.
Ruandada dronlar üçün ilk hava limanının tikintisinə 2016-cı ilin ikinci yarısında başlanması nəzərdə tutulur. “Afrotech” ilk vaxtlar yüklərin daşınması üçün qanadlarının uzunluğu 3 metr olan dronlardan istifadəni planlaşdırır. Belə dronlar 10 kiloqramadək yükü daşıya biləcək. On il ərzində hava məkanında 100 kiloqramadək yükü daşıya bilən daha güclü aparatların istifadəyə verilməsi planlaşdırılır.
İllik dəyəri 6 milyon dollar qiymətləndirilən layihə 4 il ərzində həyata keçiriləcək. 2020-ci ilədək ölkənin yarısını əhatə edəcək üç aeroportdan ibarət şəbəkənin inşası planlaşdırılır. Bundan başqa, enmə-qalxma zolaqlarının sayının tədricən 40-a çatdırılması nəzərdə tutulur.
Layihə müəllifləri Ruanda ilə kifayətlənməyərək qonşu dövlətlərdə, məsələn, Konqoda pilotsuz uçan aparatlar üçün aeroportların inşasını planlaşdırırlar, - “Payspacemagazine” yazır.