Bu gün Beynəlxalq kulinariya günüdür

Bu gün Beynəlxalq kulinariya günüdür backend

Oktyabrın 20-də Azərbaycan Milli Kulinariya Mərkəzi və Azərbaycan Milli Kulinariya Assosiasiyasının (AMKA) təşkilatçılığı ilə Bakıda Beynəlxalq Kulinariya Günü qeyd olunub.

AZƏRTAC xəbər verir ki, AMKA-nın prezidenti, UNESCO-nun Ənənəvi Qida Komitəsinin sədri Tahir Əmiraslanov bu günün dünyada 12-ci, Azərbaycanda isə 9-cu dəfədir ki, qeyd edildiyini bildirib və rəhbərlik etdiyi qurumun son illər gördüyü işlər haqqında məlumat verib. Tahir Əmiraslanov bildirilib ki, tədbir çərçivəsində Bakıda ilk dəfə olaraq Beynəlxalq Çay Festivalı da keçirilir.

Festivalda Yaponiya, Koreya Respublikası, Çin, İran, Hindistan, Türkiyə və digər ölkələrin çay süfrələri nümayiş olunub. Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə Azərbaycanda fəaliyyət göstərən diplomatik nümayəndəliklər tərəfindən təşkil edilib.

Tədbirdə çıxış edən Milli Məclisin deputatı Qənirə Paşayeva belə tədbirlərin ölkələrimiz arasında dialoqa, anlaşmaya, sülhə xidmət etdiyini vurğulayıb.

Ənənəsinə sadiq olaraq T.Əmiraslanov rəhbərlik etdiyi qurumun adından il ərzində milli kulinariyanın inkişafında xüsusi xidmətlərinə görə fərqlənən idarə və təşkilatların, media qurumlarının nümayəndələrini diplomla təltif edib.

Təltif olunanlar arasında AZƏRTAC-ın əməkdaşı da olub.

Tədbirin sonunda qonaqlar çay süfrəsinə dəvət olunub.
Diaspora