Filippinin Loreto şəhərinin meri solçu radikal “Yeni xalq ordusu” qruplaşmasının yaraqlıları tərəfindən qaçırılaraq öldürülüb.
AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu gün səhər Dario Otaza və onun oğlu Derilanın cəsədləri xüsusi təyinatlı bölmənin əməkdaşları tərəfindən aşkarlanıb. Onların üzərində çoxsaylı güllə yaraları olub. Xatırladaq ki, mer və onun oğlu oktyabrın 19-da axşam saatlarında yaşadıqları evdən qaçırılaraq naməlum istiqamətə aparılıb. Qaçırılma barədə xəbərdən dərhal sonra onların axtarışı və xilas edilməsi üçün əməliyyatlar başlayıb.
Filippin Silahlı Qüvvələrinin cənub komandanlığı qətlin arxasında “Yeni xalq ordusu” qruplaşmasının durduğunu bildirir. Bu yaxınlaradək merin özü də solçu radikalların sıralarında yer almış və sonradan hökumətin tərəfinə keçmişdi. Loreto şəhərinə mer seçildikdən sonra o, keçmiş silahdaşlarını müqaviməti dayandırmağa çağırır və onları dinc həyata qayıtmaq istəyirdi.
Hazırda 2-5 min döyüşçüsü olan “Yeni xalq ordusu” separatçı ideyaları təbliğ edir. 1960-cı illərinin sonlarından bəri ölkədə qadağan olunmuş kommunist partiyası tərəfindən idarə olunan qruplaşma Filippin hökumətinə qarşı partizan müharibəsi aparır. Ötən illər ərzində gedən döyüşlər nəticəsində 40 mindən çox insan həyatını itirib.