Ohayo ştatında ölüm hökmlərinin icrası 2017-ci ilədək dayandırıb

Ohayo ştatında ölüm hökmlərinin icrası 2017-ci ilədək dayandırıb backend

Öldürücü inyeksiyalarda istifadə olunan preparatların çatışmazlığı ilə üzləşən ABŞ-ın Ohayo ştatında edam cəzalarının icrası 2017-ci ilə qədər dayandırılıb. Bu barədə oktyabrın 19-da ştat rəhbərliyi məlumat verib.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Ohayo ştatı rəhbərliyinin uzun müddətdir ölümcül inyeksiyalarda istifadə olunan preparatların təchizatçılarını tapmaq cəhdləri nəticəsiz qalıb. Bu səbəbdən ən yüksək cəzaya məhkum edilmiş azı 12 məhbusun edamı bir müddət təxirə salınacaq.

Ölüm cəzasına rəsmi olaraq icazə verilən ştatların rəhbərliyi bundan sonra öldürücü inyeksiyalarda istifadə olunan preparatları əldə etməkdə çətinlik çəkəcəklər. Belə ki, ABŞ-da və xaricdə fəaliyyət göstərən əczaçılıq kompaniyalarının əksəriyyəti həmin prosedurada istifadə olunan ağrıkəsici və zəhərli preparatların çatdırılmasını dayandırıblar. Onlar bunu əsasən ölüm hökmünə qarşı çıxdıqları üçün edirlər.

Xatırladaq ki, ABŞ-ın 31 ştatında ölüm cəzası hələ də qalır. Bu ilin aprel ayına olan məlumata görə, Birləşmiş Ştatlarda 3002 nəfər edam cəzasını gözləyir. Ölkədə ölüm hökmünün icrasının yenidən tətbiq olunduğu 1976-cı ildən 2015-ci ilin sentyabrınadək 1414 nəfər edam edilib. Ölüm hökmləri əsasən ölümcül inyeksiya vasitəsi ilə icra olunur.
Diaspora