“Boeing” şirkəti gələn həftə ilk “Starliner” kosmik kapsulunu orbitə göndərəcək. Bu da ona İlon Maskın “SpaceX” kompaniyası ilə rəqabət aparmaq üçün mübarizədə qələbə qazandıra bilər.
QAZİLER.AZ Publika.az-a istinadən xəbər verir ki, “CST-100 Starliner” sınaq missiyası 1 milyard dollardan çox məsrəfdən sonra illərlə təxirə salınan bir mərhələdir. Şirkət kosmik gəminin kosmosa adi səfərlər üçün təsdiqlənməsindən əvvəl keçirilən son nümayişdə kommersiya ekipajı proqramı çərçivəsində iki NASA astronavtını Beynəlxalq Kosmik Stansiyaya (BKS) göndərəcək.
NASA son illərdə öz astronavtlarını və digər müştərilərini “Artemida” proqramı çərçivəsində Aya və daha sonra Marsa daşıya biləcək yeni nəsil özəl kosmik gəmi layihəsini dəstəkləyib. “Starliner” isə agentliyin kommersiya məqsədli modelinin ən son məhsuludur.
Agentliyin rəsmisi Cim Fri buraxılışdan əvvəl keçirilən mətbuat konfransında deyib ki, yeni kosmik gəminin ilk ekipaj uçuşu tamamilə kritik bir mərhələdir. Onun sözlərinə görə, ekipaj üzvləri Sani Villiams və Batç Vilmorun həyatı risk altında ola bilər.