Almaniya polisinin həmkarlar ittifaqının sədri Rayner Vendt ölkəyə qaçqınlar axınının ardı-arası kəsilmədiyinə görə Avstriya ilə sərhəddə hasar çəkməyə çağırıb.
Vendt “Welt am Sonntag” həftəliyinə müsahibəsində deyib: “Əgər biz həqiqətən ciddi sərhəd nəzarəti aparmaq istəyiriksə, onda Almaniya sərhədi boyunca hasar çəkməliyik”.Onun sözlərinə görə, belə bir hasar çəkilməsi zəncirvari reaksiyaya səbəb olacaq. Həmkarlar İttifaqının rəhbəri bildirib: “Əgər biz bu üsulla öz sərhədimizi bağlasaq, onda Avstriya da Sloveniya ilə sərhədi bağlayacaq və bizə məhz bu cür effekt lazımdır”. Rayner Vendt daha sonra əlavə edib ki, bu cür hasar olmasa qaçqınlar üçün tranzit zonalar yaratmağın mənası yoxdur.
Vendt əmindir ki, Almaniya “Hamınız bizə gəlin” məzmunlu siqnal göndərməyə son qoymalıdır. “Bizim daxili qaydalarımız təhlükə altındadır, biz sosial iğtişaşlar astanasındayıq və kimsə əyləci basmalıdır”, - deyə xəbərdarlıq edən Rayner Vendt bu halda AFR kansleri Angela Merkeli nəzərdə tutduğunu da gizlətməyib.