İstanbul 3-cü hava limanının inşası üçün kredit müqaviləsi imzalanıb. Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan və Baş naziri Əhməd Davudoğlunun iştirakı ilə təşkil edilən mərasimdə 150 milyon sərnişin tutumu olan İstanbul 3-cü hava limanının inşası üçün “Ziraat” bankı, “Halkbank”, “VakıfBank”, “Garanti” bankı, “Finansbank” və “Denizbank” ilə IGA hava limanı şirkəti arasında 16 il müddətinə 4,5 milyard avroluq maliyyə krediti imzalanıb.
AZƏRTAC “ulasimonline.com” saytına istinadla xəbər verir ki, Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxış edərək bildirib ki, bu layihə dövlət büdcəsinə heç bir yük olmadan reallaşacaq.O, 32 milyard 399 milyon avroya başa gələn layihənin Türkiyənin bu sahədəki ən böyük investisiyası olduğunu vurğulayıb.
“2013-ci ildə 3-5 ağac kəsilməsi bəhanəsiylə başladılan Gəzi hadisələrinin hədəflərindən biri də məhz bu hava limanı layihəsini pozmaq idi. Ötən həftə Elm, Sənaye və Texnologiya Nazirliyi milli avtomobil layihəsinin ilk eskizləri ictimaiyyətlə paylaşarkən yenə bəzi qüvvələr bunu gözdən salmağa çalışdı”, - deyə Türkiyənin Prezidenti söyləyib.
Türkiyənin Baş naziri Əhməd Davudoğlu isə bildirib ki, limanın inşasının ilkin mərhələsi 2018-ci ildə tamamlanacaq. İnşa ediləcək hava limanın Avrasiya ölkələri ilə əlaqələri təmin ediləcək. O qeyd edib ki, Türkiyə quru, hava və dəniz nəqliyyatının mərkəzinə çevrilməyə başlayır.
“Terror hücumları ilə Şırnak hava limanı uçuşlarını dayandırmağa cəhd edənlərin bu layihənin nə demək olduğunu anlaması mümkün deyil”, - deyə Baş nazir vurğulayıb.