"Putinin ABŞ-la münasibətlərə yenidən baxması NATO-nun zəiflədilməsi məqsədi daşıyır". APA TV-nin "Washington Examiner" nəşrinə istinadən verdiyi məlumata görə, Krımın ilhaqından sonra Rusiya ilə NATO arasında münasibətlər daha da gərginləşib.
Bununla əlaqədar olaraq Şimali Atlantika blokunun liderləri ayrı-ayrılıqda "Kremlin aqressiv mövqeyi"nə necə reaksiya verməyi və ölkələrinin təhlükəsizliyini necə təmin etməyi düşünməyə başlayıblar. Beynəlxalq ekspertlər düşünürlər ki, Vladimir Putinin siyasəti də məhz buna - NATO-nun parçalanmasına hesablanıb."Hesab edirəm ki, biz NATO-da sonun başlanğıcını müşahidə edirik. Bu, ciddi məsələdir. Biz əl-ayağımızı yanımıza salıb baş verənlərə seyrçi qalmamalıyıq", - deyə alyansın Avropadakı sabiq komandanı Ceyms Cons bildirib.
Xəbərdə bildirilir ki, Rusiya Baltikyanı ölkələrin sərhədindən tutmuş Qara dəniz sahillərinə qədər hərbi bazalar qurur və bu addımı NATO ölkələrinə qarşı təhlükəsizliyinin təminatı məqsədilə atdığını bildirir. Moskva bölgədə hərbi təyyarələrinin və gəmilərinin iştirakı ilə tez-tez təlimlər də keçirir.
ABŞ dövlət departamentinin keçmiş əməkdaşı Xizer Konli də məsələnin ciddiliyindən danışıb: "Biz təcili olaraq daha effektiv strategiya müəyyənləşdirməliyik. Bu böyük tələbdir, buna biganə qalmaq olmaz".
Ən başlıca problem kimi NATO üzvü olan ölkələrin vətəndaşlarının son zamanlar Kremlin addımlarını dəstəklədikləri göstərilir. Məqalədə bununla əlaqədar keçirilən sorğunun nəticələri də açıqlanıb. Məlum olub ki, Fransa, Almaniya, İtaliya kimi alyansa daxil olan ölkələrin vətəndaşları Rusiyaya qarşı hərbi müdaxilənin yolverilməz olduğunu bildirilər.
Bu nəticələr isə hərbi blokun kollektiv müdafiə prinsipinə ciddi təhlükə törədir.