Rusiya bütün maraqlı dövlətləri Fars körfəzi ilə Şimal dəniz yolunu birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizinin yaradılması layihəsində iştirak etməyə dəvət edir.
Qaziler.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bunu Rusiya dövlət başçısı Vladimir Putin deyib.
“Şimal-Cənub nəqliyyat dəhlizi ən geniş beynəlxalq əməkdaşlığın nümunəsinə çevrilməlidir, söhbət Avrasiya və qlobal Cənub ölkələrinin sürətli iqtisadi və sosial inkişafı məqsədilə yeni logistik marşrutların formalaşdırılmasından gedir”, - bunu Putin BAM veteranları ilə keçirilən görüşdə çıxış edərkən deyib.
Qeyd edək ki, Şimal-Cənub beynəlxalq nəqliyyat layihəsi Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) 2023-cü ilin noyabrında keçirilən sammitində təqdim olunub. O, Rusiya, İran, Azərbaycan və Hindistan avtomobil yollarının inteqrasiyası üçün nəzərdə tutulub. “Şimal-Cənub” dəhlizinin əsas hissəsi bu il başlanacaq 1,7 milyard dollar dəyərində 160 kilometrlik dəmir yolunun tikintisidir. Bu, Rusiya ilə Fars körfəzindəki limanlar arasında marşrutun son keçidi olacaq, həmçinin Hindistanın ticarət mərkəzi - Mumbaya asan çıxışı təmin edəcək.
QAZİLER.AZ