Macarıstan öz sərhədlərini bağladıqdan və ölkəyə qeyri-leqal daxil olan şəxsləri cinayət məsuliyyətinə cəlb edəcəyini bildirdikdən sonra Qərbi Avropa ölkələrinə hərəkət edən qaçqınlar Balkan regionunda yeni marşrutlar seçməyə məcbur qalıblar. Son həftələrdə Xorvatiya-Sloveniya-Avstriya-Almaniya istiqamətində qaçqın axının çoxalması müşahidə olunur.
Qaçqın axınının hərəkət etdiyi digər ölkələrdən fərqli olaraq, Sloveniya qaçqınların ölkədə müvəqqəti qalması üçün imkanların məhdud olmasını əsas gətirərək, gündəlik qaçqın qəbulunu 2500 nəfər müəyyənləşdirib. Bu qərar qaçqınların ölkədən yalnız tranzit keçid üçün istifadə etməsi ilə əlaqələndirilib.
Oktyabrın 18-dən 19-na keçən gecə isə Xorvatiyadan Sloveniya istiqamətində hərəkət edən və 2000-dək qaçqın aparan qatar Sredişçe ob Dravi sərhəd-keçid məntəqəsində sloven polisi tərəfindən saxlanılıb. Yalnız səhərə yaxın əvvəl qadınlar və uşaqlar, sonra isə digər qaçqınların ölkəyə daxil olması və Avstriyaya doğru hərəkəti təmin edilib.
Lyublyana razılaşma olmadan Xorvatiya tərəfindən qaçqınlar olan qatarın Sloveniya sərhədinə doğru göndərilməsini qəbuledilməz olduğunu və qaçqınların soyuq havada gecəni açıq havada keçirməyə məcbur olmasının məsuliyyətinin Xorvatiyanın üzərinə düşdüyünü elan edib.
Serbiyadan hər gün orta hesabla 5000 qaçqın qəbul edən Xorvatiya isə öz növbəsində Lyublyanadan gündəlik qaçqın qəbulu kvotasını müvafiq olaraq adaptasiya etməyi tələb edib.