İran Silahlı Qüvvələrinin müxtəlif bölmələri, o cümlədən quru qoşunlar və Hava Hücumundan Müdafiə Qoşunlarının iştirakı ilə ölkənin Qəsr Şirin bölgəsində “Məhərrəm 94” adlı geniş miqyaslı hərbi təlim keçirilir. Trend-in məlumatına görə, bu barədə İranın "İRİNN" xəbər kanalı məlumat verib.
Məlumata görə, hərbi təlimin ilk günü bir neçə silah, o cümlədən “Bahir” adlı snayper, “Dehlaviya”adlı zirehdələn raketlər, RPG-29 silahları sınaqdan keçirilib.
Qeyd olunur ki, həmin silahların hamısı İranın daxili istehsalıdır və Silahlı Qüvvələrin istifadəsinə verilib.
“Məhərrəm 94” hərbi təlimi oktyabrın 21-də başa çatacaq.
Bu günkü təlimlərdə həmçinin “Fəth 14” adlı Hava Hücumundan Müdafiə üçün radar sistemi sınaqdan keçirilib. Yeni radar sistemi 600 kilometr məsafədə ən kiçik hədəfləri belə aşkarlamaq qabiliyyətinə malikdir.
Qeyd edək ki, bu təlimdə İran Hərbi Hava Qüvvələrinin "Fəkur" tipli raket kompleksi də sınaqdan keçiriləcək.