İsrail Rəfaha hərbi hücumunu təxirə salıb.
Apa xəbər verir ki, bu barədə CNN İsrail mənbələrinə istinadən məlumat yayıb.
Bildirilib ki, İranın İsrailə həftəsonu raket və pilotsuz uçuş aparatlarından zərbə endirməsindən sonra İsrail Qəzzanın cənubundakı Rəfah şəhərinə çoxdan gözlənilən hərbi hücumunu təxirə salmaq qərarı verib.
CNN adı açıqlanmayan iki israilli mənbəyə istinadən bildirib ki, İsrail Müdafiə Qüvvələri (IDF) bazar ertəsi şəhərdən evakuasiya əmri verəcəkdi, lakin bu məsələ arxa plana atılıb.
İsrailin "Kan" ictimai yayımı da aprelin 14-də bu barədə məlumat yaysa da, Baş nazir Benyamin Netanyahunun "Likud" partiyası xəbəri təkzib etmişdi.
İndiyə qədər Baş nazir Netanyahu bir neçə dəfə Rəfah əməliyyatı üçün planların təsdiqlədiyini iddia etsə də, bu yaxınlarda başladılma tarixinə qərar verildiyini bəyan etmişdi. Lakin müdafiə naziri Yoav Qallant amerikalı həmkarı Lloyd Ostinə bildirib ki, İsrail ordusu Rəfahda olan 1,4 milyon fələstinlini necə təxliyə edəcəyi ilə bağlı planlarını yekunlaşdırmadığı üçün əməliyyatın tarixi təyin olunmayıb.