Qeyri-leqal miqrantların kütləvi axını ilə əlaqədar Macarıstan gecə saatlarından Xorvatiya ilə sərhədi bağlayıb. Bunu ölkənin xarici işlər naziri Peter Siyyarto bəyan edib. Onun sözlərinə görə, sərhədyanı ərazidə tranzit zonaları yaradılacaq. Suriyadan və digər ölkələrdən olan qaçqınlar müvafiq status almaq üçün müraciətləri həmin zonada təqdim edəcək və qərarı gözləyəcəklər.
Qeyd edək ki, Yaxın Şərqdən olan miqrantlar Avropa Birliyi ərazisinə "Balkan marşrutu" ilə daxil olurlar. Macarıstan Avropa Birliyindəki qonşularını öz qərarı ilə bağlı məlumatlandırıb. Qonşu ölkələr Budapeştin sərt addımının onların üzərinə düşən miqrant yükünü artıracağından ehtiyatlanırlar.Macarıstan bundan əvvəl Serbiya ilə sərhədi bağlayıb. Serbiyanın baş naziri bu gün üçün Milli Təhlükəsizlik Şurasının fövqəladə iclasını çağırıb.