Almaniya prokurorluğunun məlumatına görə, silahlılar silahları Berlinə çatdırmağı və ondan Avropadakı yəhudi təşkilatlarına qarşı terror hücumları üçün istifadə etməyi planlaşdırıblar.
Qaziler.az bildirir ki, bu barədə "Amerikanın səsi" yazıb.
Bolqarıstan polisi ötən ilin dekabrında Almaniya və Niderlandda həbs edilmiş dörd şübhəli HƏMAS üzvü ilə əlaqəli silah anbarı aşkarlayıb.
Dekabrda Almaniyada qruplaşmanın üzvü olduğu iddia edilən üç nəfər Avropada yəhudi təşkilatlarına qarşı terror aktları hazırlamaqda şübhəli bilinərək həbs edilib. Dördüncü şübhəli Niderlandda həbs edilib.
Alman hüquq-mühafizə orqanlarından bildiriblər ki, dörd şübhəli “Avropada yəhudi institutlarına qarşı mümkün terror hücumları ilə əlaqədar onları ehtiyatda saxlamaq” üçün silah toplayıb.
Çərşənbə günü "Der Spiegel" jurnalı polisin şübhəlilərdən birinin mobil telefonunda odlu silah və sursatların fotoşəkillərini tapdığını bildirib. Nəşrin məlumatına görə, fotoşəkillər polisi Bolqarıstanın cənubunda şam ağacının altında basdırılmış silah anbarına aparıb. Alman mənbələri "AFP" agentliyinə silah anbarının Bolqarıstanda tapıldığını təsdiqləyib.
Bolqarıstan prokurorluğu və Bolqarıstan Daxili İşlər Nazirliyi bu xəbəri təsdiqləməkdən imtina edib.
Dekabrda Almaniya prokurorları şübhəlilərdən dördünün - biri Misir, iki Livan və bir Niderland vətəndaşının "uzun müddət HƏMAS üzvü" olduğunu bildirib.
Prokurorlar bildiriblər ki, Abdülhamid Al A. kimi tanınan şübhəlilərdən birinə təşkilat rəhbərləri tərəfindən "Avropada keçmişdə gizli şəkildə orada yaratdığı silah anbarını" tapmaq tapşırığı verilib.
QAZİLER.AZ