İspaniya Fələstinin BMT-yə tamhüquqlu üzvlüyünü dəstəkləyəcək.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə İspaniya hökumətinin sədri Pedro Sançes bildirib.
“Biz Fələstinin BMT-yə tamhüquqlu üzv kimi daxil olmasını dəstəkləyəcəyik. Amma vurğulamaq istərdim ki, İsrailin qonşuları tərəfindən tanınmasına da yardım etmək lazımdır”, - o deyib.
İspaniya baş nazirinin sözlərinə görə, qarşılıqlı tanınma həddən artıq uzun illərdir davam edən bu münaqişənin davamlı həllinə nail olmaq üçün açardır.
Xatırladaq ki, aprelin 1-də Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur “Reuters”ə verdiyi açıqlamada Fələstinin BMT Təhlükəsizlik Şurasının aprelin 18-də keçiriləcək iclasında təşkilata qəbulu ilə bağlı səsverməninin keçirilməsini istədiyini bildirmişdi. Fevralın sonunda o bəyan edib ki, Fələstin ərəb ölkələrinin dəstəyi ilə BMT-nin daimi üzvü kimi qəbul edilməsi prosesinə başlamaq məqsədilə qurumun Təhlükəsizlik Şurasına müraciət etmək niyyətindədir.
Fələstinin hazırda BMT-də daimi müşahidəçi statusu var. Bu statusa malik ölkələr əksər iclaslarda iştirak edə və demək olar bütün müvafiq sənədlərə çıxış əldə edə bilər, lakin səsvermə hüququna malik deyillər. Hazırda Fələstindən başqa, yalnız Vatikan BMT-də daimi müşahidəçi statusuna malikdir.