Oktyabrın 16-da Qazaxıstan Respublikasının Akmola vilayətinin Burabay qəsəbəsində Müstəqil Dövlətlər Birliyi (MDB) Dövlət Başçıları Şurasının növbəti iclası keçirilib.
APA TV-nin xəbərinə görə, Azərbaycan prezidenti İlham Əliyev iclasda iştirak edib.
Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevi qarşılayıb. Dövlət başçıları xatirə şəkli çəkdiriblər.
Sonra Prezident Nursultan Nazarbayev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmək üçün Qazaxıstana gələn digər dövlət başçılarını qarşılayıb. Prezidentlər birgə foto çəkdiriblər.
Əvvəlcə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilib. İclası açan Qazaxıstan Prezidenti Nursultan Nazarbayev qonaqları salamlayıb. Prezident N.Nazarbayev Aleksandr Lukaşenkonu yenidən Belarus Prezidenti seçilməsi, həmçinin Qırğızıstan xalqını və prezidentini həmin ölkədə parlament seçkilərinin uğurla keçməsi münasibətilə təbrik edib.
Sonra iclas işini geniş tərkibdə davam etdirib. MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib ki, məhdud tərkibli iclasda toplantının gündəliyi və reqlamenti təsdiqlənib, iki mühüm bəyanat - BMT-nin yaradılmasının 70 illiyi və beynəlxalq terrorizmlə mübarizə ilə əlaqədar MDB dövlət başçılarının bəyanatları qəbul edilib. Həmçinin MDB dövlət başçıları Şurasının növbəti iclasının 2016-cı il sentyabrın 16-da Qırğızıstanda keçirilməsi qərara alınıb.
Sonra Çernobıl Atom Elektrik Stansiyasında baş vermiş qəzanın 30 illiyi ilə bağlı dövlət başçılarının müraciəti müzakirə olunub. Belarusun fövqəladə hallar naziri Vladimir Vaşenkonun məlumatından sonra qəzanın 30 illiyi ilə əlaqədar MDB ölkələrinin birgə müraciətinin dünya ictimaiyyətinə çatdırılması təklif edildi və bununla bağlı qərar qəbul olunub.
Daha sonra iclasda MDB-yə üzv ölkələrin Təhlükəsizlik və Xüsusi Xidmət Orqanları Şurası və Hava Hücumundan Müdafiə Koordinasiya Komitəsinin rəhbərlərinin namizədliyi təsdiqlənib.
MDB Dövlət Başçıları Şurasının iclası sənədlərin imzalanması ilə yekunlaşıb.