“Tehran ölkənin Suriyanın paytaxtı Dəməşqdəki konsulluğunun binasına raket hücumuna görə İsrailə qəti cavab vermək niyyətindədir”.
Qaziler.az bildirir ki, “Tasnim” agentliyinin məlumatına görə, bunu İranın Suriyadakı səfiri Hüseyn Əkbəri deyib.
“İsrail rejimi beynəlxalq qanunları pozaraq hərəkət edir. O, bizdən qəti cavab alacaq”, - diplomat qeyd edib.
O, binanın F-35 qırıcılarının hücumuna məruz qaldığını, hücum zamanı 6 raketin atıldığını açıqlayıb. Əkbəri izah edib ki, hücum zamanı o, səfirlikdəki iş yerində olub.
Səfirin sözlərinə görə, Təl-Əviv diplomatlara qarşı hərəkətləri ilə beynəlxalq qanunları pozur. O, İsrailin İran konsulluğuna endirdiyi hava zərbəsinin İsrailin fələstinlilərə qarşı hərəkətlərinin davamı olduğuna əmindir.
“İsrailin son altı ayda Fələstin xalqına qarşı törətdiyi cinayətlərdən sonra bu gün onlar İrana qarşı bu cinayəti törədiblər”, - deyə Əkbəri yekunlaşdırıb.
Qeyd edək ki, aprelin 1-i axşam saatlarında Dəməşqin qərbində, İranın elit hərbi birliyi olan İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) hərbi məsləhətçilərinin yaşadığı Mezze məhəlləsinə raket hücumu olub. Nəticədə konsulluğun binası dağılıb. Hücum zamanı SEPAH bölməsinin komandiri general Məhəmməd Rza Zahedi öldürülüb.
QAZİLER.AZ