ABŞ: Demokratlar respublikaçıları üstələyir

ABŞ: Demokratlar respublikaçıları üstələyir backend

Demokratik partiyanın ABŞ prezidenti postuna namizədləri respublikaçı opponentlərini öz seçki qərargahlarına ianə toplanmasına görə qabaqlayır. Bu barədə namizədlərin üçüncü rübdə təşviqat kampaniyası üçün maliyyə vəsaitlərinin həcminə dair oktyabrın 15-də dərc olunmuş rəsmi məruzələrində qeyd edilir.

AZƏRTAC xəbər verir ki, ABŞ qanunvericiliyinə əsasən həmin sənədlər Seçki Üzrə Federal Komissiyaya veriləcək. Bu göstəriciyə görə ilk yeri seçki kampaniyasının hazırkı mərhələsində demokratların lideri olan keçmiş “birinci xanım” və sabiq dövlət katibi Hillari Klinton tutur. O, iyul ayından sentyabra qədər 29,45 milyon dollar ianə toplamağa nail olub.

Məruzəyə əsasən ianə yığımına görə diqqəti cəlb edən digər namizəd isə Florida ştatının keçmiş qubernatoru, respublikaçı Ceb Buşdur. O, partiya yoldaşları senatorlar Marko Rubio (Florida) və Ted Kruzun (Texas) əldə edə biləcəyindən çox – 13,4 milyon dollar ianə toplaya bilib.

Bununla yanaşı, Ağ evin sahibi postuna namizəd olan daha bir respublikaçı, neyrocərrah Ben Karson həmin müddət ərzində 20 milyon dollardan artıq vəsait toplayaraq üçüncü rübdə “Böyük qoca partiya” sıralarında birinci olub.

Dərc olunan məruzə yalnız namizədlərin seçki qərargahlarına toplanan vəsaiti əks etdirir. Bu ianələr arasında maksimum məbləğ 2,7 min dollar təşkil edir.
Diaspora