“Skype” messencerində bu xidmətdə akkauntu olmayan istifadəçilərin də söhbətə dəvət etmək üçün imkan yaranıb.
İKT.lent.az-ın “vc.ru” saytına istinadən verdiyi məlumata görə, “Skype”nin bloqunda deyilir ki, bu xidmətə qoşulmaq üçün dəvət linkindən istifadə etmək lazımdır.
Çat yaradılarkən istifadəçi dəvət linkini kopyalayaraq, onu bütün söhbətə dəvət etmək istədiyi istifadəçilərə göndərə və onları söhbətə dəvət edə biləcək. Linki almış kənar istifadəçi servisin veb versiyası tərəfindən özünə müvəqqəti ad seçərək, “Skype”a daxil olacaq və söhbətə qoşula biləcək.
Müvəqqəti istifadəçilər üçün “Skype”ın adi daimi müştərilərində olduğu kimi səsli çatlar, video zənglər də əlçatan olacaq. Mobil avadanlıqların istifadəçiləri isə qoşulmaq üçün xidmətin əlavəsini yükləməli olacaq.
Hazırda dəvət funksiyası yalnız ABŞ və Böyük Britaniyada işləyir. Şirkətdə qeyd ediblər ki, yaxın bir neçə həftə ərzində bütün dünya istifadəçiləri dəvət funksiyasından istifadə edə biləcəklər.